Çikaqo Universitetinin Booth Biznes Məktəbinin və Erasmus Rotterdam Universitetinin alimləri süni intellektin işə qəbul prosesində namizəd axtarışında oynaya biləcəyi rolu araşdıran genişmiqyaslı tədqiqatın nəticələrini açıqlayıblar.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, tədqiqat 67 min iş müsahibəsi əsasında aparılıb və nəticələr göstərir ki, süni intellekt bu sahədə insanlardan geri qalmır.

Araşdırma bir işəgötürmə şirkətinin əməkdaşlığı ilə həyata keçirilib. Namizədlər təsadüfi qaydada üç qrupa bölünüb: bəziləri süni intellekt agenti ilə, digərləri insan müsahibəçi ilə danışıb, bir qrup isə seçim azadlığına malik olub. Bütün hallarda müsahibələr telefon vasitəsilə keçirilib və söhbətin əvvəlində süni intellekt namizədə onun insanla deyil, məhz botla danışdığını bildirib. Yekun işə qəbul qərarını isə yalnız insanlar veriblər.

Qərarlar namizədlərin müsahibədəki çıxışına və test nəticələrinə əsaslanıb. Məlum olub ki, süni intellekt agentləri tərəfindən aparılan müsahibələr iş təkliflərinin 12% artmasına, qəbul edilən işçilərin isə ilk ayda işdə qalma göstəricisinin azı 17% yüksəlməsinə səbəb olub. Süni intellekt səs agentləri insanlardan fərqli olaraq daha çox əsas mövzunu əhatə edib və rekruterlərə qərar vermək üçün daha geniş məlumat təqdim edib. Tədqiqat müəlliflərindən Brian Jabarian bunu belə izah edir: süni intellekt az danışdığı üçün namizədlər özlərini daha fəal şəkildə ifadə edirlər.

İnsan müsahibəçilərin çoxsaylı görüşlər zamanı yorğunluq səbəbilə bəzi sualları ötürməsinə qarşılıq, botlar bu problemi yaşamayıb. Bununla belə, bütün namizədlər süni intellekt müsahibəsini müsbət qarşılamayıb. Təxminən 5% müsahibəni vaxtından əvvəl dayandırıb, çünki botla ünsiyyət qurmaq istəməyiblər. 7% hallarda texniki nasazlıqlar yaşanıb. Bir çoxları süni intellekti “qeyri-təbii” tərəfdaş kimi dəyərləndirsələr də, ümumi rəylərdə fərq böyükdür: botla müsahibədən keçənlərin 70%-i təcrübəni müsbət qiymətləndirib, insanla müsahibədən keçənlərdə isə bu göstərici 50% olub.

Ən maraqlı məqam odur ki, hər beş namizəddən dördü süni intellektlə müsahibəyə üstünlük verib. Bu, qismən onlara vaxt seçmək azadlığı ilə bağlı olsa da, nəticə rekruterlər üçün gözlənilməz olub. Araşdırma göstərib ki, süni intellekt agentləri mürəkkəb tapşırıqları uğurla icra etsələr də, onların istifadəsi həmişə iqtisadi cəhətdən səmərəli olmur. Məsələn, süni intellektin topladığı məlumatları analiz etmək üçün rekruterlərə orta hesabla iki dəfə çox vaxt lazım olub.

Buna görə də texnologiyanın faydası əsasən şirkətin miqyası, vakansiyaların tipi, rekruter maaşları və digər amillərdən asılıdır. Kiçik şirkətlər üçün süni intellektə sərmayə xərci geri dönüş verməyə bilər, amma çoxlu namizədlə işləyən və yüksək maaşlı rekruterləri olan iri şirkətlər üçün bu yanaşma daha perspektivli görünür.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *