Apple öz saytında köhnəlmiş məhsullar siyahısını yeniləyərək 3 noutbuku bu kateqoriyaya daxil edib.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, söhbət 2015-ci ilin əvvəlində istehsal olunan 11 düymlük MacBook Air-dən, həmçinin 2017-ci il istehsalı olan 13 və 15 düymlük MacBook Pro modellərindən gedir.
Qaydalara əsasən, istehsalı dayandırıldıqdan sonra 7 ildən çox vaxt keçmiş cihazlar köhnəlmiş hesab olunur. Apple Store mağazaları və avtorizə olunmuş servis mərkəzləri belə cihazları adətən təmir etmir. Bununla belə, MacBook sahibləri istehsal dayandırıldıqdan sonra 10 il ərzində ehtiyat hissələri mövcud olduğu halda batareyanı dəyişdirə bilərlər.
Xatırladaq ki, 11 düymlük MacBook Air-in istehsalı 2016-cı ilin oktyabrında, Touch Bar sensor paneli ilə ilk MacBook Pro modellərinin satışa çıxmasından dərhal sonra dayandırılıb. Lakin onun yalnız indi köhnəlmiş məhsullar siyahısına daxil edilməsi göstərir ki, model bəzi resellerlərdə ən azı 2018-ci ilə qədər satışda olub. Hazırda Apple 13.6 və 15.3 düymlük MacBook Air modelləri təklif edir. Şirkətin daha kiçik ekranlı noutbuk üzərində də işlədiyi ehtimal olunur. İddialara görə, Apple yaxın illərdə iPhone 16 Pro-da istifadə olunacaq 3 nanometrlik A18 Pro prosessoru ilə təchiz edilmiş 12.9 düymlük MacBook modelini təqdim edə bilər.
Bundan əlavə, Apple iPhone 8 Plus-un 64 və 256 GB yaddaşa malik versiyalarını vintaj məhsullar siyahısına salıb. Vintaj cihazlar satışdan çıxarıldıqdan 5 il sonra bu kateqoriyaya əlavə olunur. Apple-ın mağazaları və avtorizə olunmuş servis mərkəzləri bu modellərin təmirini ehtiyat hissələri mövcud olduğu müddətcə dəstəkləyir.
Qeyd edək ki, iPhone 8 və iPhone 8 Plus 2017-ci ilin sentyabrında, iPhone X ilə birlikdə təqdim olunmuşdu.
